Notepad++ İT əhli arasında ən çox yayılmış mətn redaktəsi üçün proqram təminatıdır. Müxtəlif qoşmaların köməyi ilə bu kiçik proqramla böyük işlər görmək olar. Bu yazıda Notepad++-un kiçik, amma çox faydalı bir imkanını təqdim edəcəyəm.
Proqramlaşdırma ilə məşğul olanlar müntəzəm ifadələr (regex – regular expressions) haqqında məlumatlıdırlar. Məlumatı olmayanlar isə ilkin bilikləri bu keçiddən əldə edə bilərlər. Qısa olaraq – bu ifadələr əsasən istifadəçilər tərəfindən daxil edilən məlumatların tələblərə uyğun olub olmadığını yoxlamaq üçün istifadə edilir. Bu güclü alət Notepad++-da axtarış və əvəzləməni xeyli asanlaşdırır.
Fərz edək ki, aşağıdakı məzmunda bir faylımız var:
set network ike gateway PARTNER1-S2S-GW local-address interface ethernet1/4.751
set network ike gateway PARTNER1-S2S-GW peer-address 5.5.5.6
set network ike gateway PARTNER1-S2S-GW local-address ip 4.4.4.4/29
set network ike gateway PARTNER1-S2S-GW authentication pre-shared-key key 123a123
set network ike gateway PARTNER1-S2S-GW local-id type ipaddr id 4.4.4.4
set network ike gateway PARTNER1-S2S-GW disabled no
set network ike gateway PARTNER2-S2S-GW local-address interface ethernet1/4.751
set network ike gateway PARTNER2-S2S-GW peer-address 5.5.5.7
set network ike gateway PARTNER2-S2S-GW local-address ip 4.4.4.4/29
set network ike gateway PARTNER2-S2S-GW authentication pre-shared-key key 123a123
set network ike gateway PARTNER2-S2S-GW local-id type ipaddr id 4.4.4.4
set network ike gateway PARTNER2-S2S-GW disabled no
set network ike gateway PARTNET3-S2S-GW local-address interface ethernet1/4.751
set network ike gateway PARTNET3-S2S-GW peer-address 5.5.5.8
set network ike gateway PARTNET3-S2S-GW local-address ip 4.4.4.4/29
set network ike gateway PARTNET3-S2S-GW authentication pre-shared-key key 123a123
set network ike gateway PARTNET3-S2S-GW local-id type ipaddr id 4.4.4.4
set network ike gateway PARTNET3-S2S-GW disabled no
Şəbəkə inzibatçılarına bu mənzərə tanış gəlməmiş deyil. Bu Palo Alto avadanlığında VPN tunel yaradılması prosesinin bir hissəsidir. Bir-iki tunel yaradan zaman təbii ki, dəyişiklikləri əl ilə daxil etmək daha səmərəlidir. Lakin bir cihazdan digərinə köç edən zaman çox sayda sazlama etmək lazım gəlir.
Yuxarıdakı sənəddə bizə set network ike gateway PARTNER2-S2S-GW peer-id type ipaddr id sətrini əlavə etmək lazımdır. Biz isə çox tənbəlik və 140 partnyor ilə qurulmalı olan VPN sazlamasında əl ilə nəsə yazmaq istəmirik. Amma biz həm də İT əhliyik. Deməli işimizi asanlaşdırmağın yolunu tapmaq lazımdır. Notepad++ ilə bir neçə dəqiqə ərzində bu işin öhdəsindən gəlmək olar. Bunun üçün Notepad++-da Ctrl+F düymələrini sıxmaqla axtarış və əvəzetmə pəncərəsini çağırırıq:

Açılan pəncərədə Replace hissəsinə keçirik. Burada Regular expression parametrini seçirik. Find what hissəsində (.+) peer-address (.+) açar sözü yazırıq. Müntəzəm ifadələr dilində “.” simvolu istənilən simvol deməkdir; “+” simvolu bir və daha artıq sayda mənasını verir. Bütün bu ifadəni mötərizəyə almaqla isə onu qruplaşdırmış oluruq. Qruplaşdırma bizə növbəti addımda lazım olacaq. Beləliklə yuxarıdakı ifadə belə oxunur: birdən çox sayda istənilən simvol ilə başlayan, ardınca peer-address birləşməsi, daha sonra isə birdən çox sayda istənilən simvol gələn sətir. Bu sənəddə bu axtarış parametrinə yalnız set network ike gateway PARTNER1-S2S-GW peer-address 5.5.5.6 sətri uyğun gəlir.
Növbəti addımda isə nə ilə əvəz etmək istədiyimizi deyirik. Əlavə etmək istədiyimiz ifadəni Replace with hissəsinə yazırıq. Bizdə bu $1 peer-address $2\n$1 peer-id type ipaddr id $2 ifadəsidir. Bu ifadədə $1 və $2 axtarış sətrində qruplaşdırdığımız simvolları əks etdirir. Yazdığımız ifadə ilə Notepad++-a deyirik:
- axtarış nəticəsində tapdığın sətri olduğu kimi saxlamaqla sonuna növbəti sətrə keçid simvolu (\n) əlavə et;
- ardınca birinci mötərizədəki simvolları qoy;
- peer-id type ipaddr id açarsözləri əlavə et;
- ikinci mötərizədəki simvolları (bu misalda bu IP ünvandır) yaz.
Daha sonra Replace all düyməsinə klikləməklə bütün sənəd üzrə dəyişikliyi etmiş oluruq:

Yazıda nümunə kimi gətirdiyim ifadəni daha mürrəkkəb ifadələrlə əvəz edərək bir çox işi asanlaşdırmaq olar. Notepad++-un müntəzəm ifadələri ilə ətraflı bu keçiddə tanış olmaq olar.
netadmin.az IT haqqında Azərbaycan dilində