Nədən danışacağıq?
Bu dəfəki yazımızda RAID – Redundant Array of Independent Disk – haqqında danışacağıq. Öncə sistem inzibatçılarına müsahibələrdə veriən o məşhur suala cavab verək.
RAID nədir?
RAID – məlumatların saxlanmasında istifadə olunan texnologiyadır. Paralel olaraq iki və ya daha çox sabit disk istifadə edərək məlumat itkisinin qarşısını almaq üçün nəzərdə tutulub. Bu texnologiyanın iş prinisipi məlumatı məntiqi olaraq vahid diskə birləşdirilmiş birdən çox fiziki diskdə saxlamağa əsaslanıb.
RAID sistemi həm proqram təminatı səviyyəsində (software RAID), həm də fiziki kontroller vasitəsilə (hardware RAID) qurula bilər.
Software RAID – heç bir əlavə qurğuya ehtiyac olmadan, əməliyyat sistemi (ƏS) imkanları ilə qurulan RAID-dir. Lakin heç də bütün ƏS-ləri RAID texnologiyasını dəstəkləmir. Proqram təminatı əsasında qurulmuş RAID aşağı performansa və aşağı davamlılığa malikdir.
Hardware RAID – xüsusi RAID kontrolleri istifadə edilməklə qurulur. Bu üsul fiziki səviyyədə qurulduğundan daha yuxarı performansa və davamlılığa malikdir.
RAID növləri
RAID təmin etdiyi davamlılığa görə 20-yə yaxın səviyyəyə bölünür. Lakin ən çox istifadə olunan RAID 0, RAID 1, RAID 5, RAID 6, RAID 10 səviyyələridir.
RAID 0
Bu raid növünün məqsədi bir neçə kiçik həcmli fiziki diski vahid böyük həcmli məntiqi diskə birləşdirməkdir. RAID 0 daha çox striped kimi tanınır. Məlumat sabit həcmli bloklara bölünür və hər blok fərqli diskə yazılır. Bunun sayəsində məlumatın oxunma-yazılma sürəti, yəni performans N-dəfə artır. Burada N disklərin sayına bərabərdir. Lakin bu RAID tipini mənfi tərəfi məlumatı itkidən mühafizə etməməsidir. Səbəb isə hər bir fiziki diskə məlumatın fərqli hissəsinin yazılmasıdır. Disklərdən biri sıradan çıxarsa həmin diskə yazılmışa məlumatı da itirmiş oluruq.

Yüksək performansa sahib olduğu üçün RAID 0 məlumat itkisinə dayanıqlı, lakin yüksək performans tələb edən sistemlərdə tətbiq edilə bilər.
RAID 0 qurulması üçün ən azı iki fiziki sərt disk lazımdır.
RAID 1
Mirroring (Güzgü) adı ilə tanınan RAID növü məlumat itkisinə qarşı daha yuxarı davamlılıq təmin edir. Bu RAID növündə eyni məlumat iki fərqli fiziki diskə yazılır. Bu səbəbdən disklərdən biri sıradan çıxarsa məlumat ikinci diskdə toxunulmaz qalır.

RAID 1-də məlumatlar iki və daha çox diskdən oxunduğu üçün proses sürətli baş verir. Lakin eyni məlumatın iki və daha çox diskə yazılması səbəbindən yazılma sürəti nisbətən aşağı olur.
RAID 1 qurmaq üçün ən azı 2 disk tələb olunur. Lakin RAID 0-dan fərqli olaraq disklərin həcmi cəmlənmir. Yəni iki ədəd 500GB həcmli diski RAID 1-ə birləşdirsək nəticədə yenə də 500GB həcm alacağıq. RAID 1 məlumat itkisinə qarşı həssas olan sistemlərdə, məsələn, verilənlər bazası üçün istifadə edilə bilər.
RAID 5
Həm performans, həm də məlumatların qorunmasını istəyiriksə, bu zaman bu RAID tipini istifadə edə bilərik. Bunun üçün ən azı 3 disk lazımdır. RAID -in bu növü məlumatı müəyyən alqoritmlə yazır. Disklərdən biri zədələnərsə, bizim məlumatlarımız hələ də toxunulmaz qalacaq. RAID5-də də məlumatlar bloklara bölünür və disklər üzrə paylaşdırılır. Məsələn, 4 diskli bir RAID 5 massivində X bir məlumat 3 bloka A1, A2, A3 bloklarına bölünür. Hər blok bir diskə yazılır. İzafi məlumat (parity) isə 4-cü diskə qeyd olunur. İzafi məlumatın yazıldığı disk hər dəfə dəyişilir.

Burada məlumatların oxunması sürətli olsa da, yazılma bir qədər ləng olur. RAID 5 fayl və ya tətbiq (application) server kimi sistemlərdə istifadə olunur.
RAID 5-də istifədə edilə biləcək həcm n-1 düsturu ilə hesablanır. Düsturdakı n disklərin sayıdır. Məsələn, 4 ədəd 300GB disk ilə yuxarıdakı düstura əsasən istifadəyə yararlı həcm 900GB olacaq.
RAID 6
Bu RAID tipi demək olar ki, RAID 5 kimidir. Fərqi isə burada 2 parity-nin olmasıdır. Bu səbəbdən ən az 4 disk ilə qurulmalıdır. Amma eyni vaxtda 2 disk zədələnsə belə məlumatlarımız güvəndə olur.

RAID 6-da həcmi hesablamaq üçün n-2 düsturunu istifadə edirik. Düsturdakı n disklərin sayıdır. Məsələn, 4 ədəd 300GB disk ilə yuxarıdakı düstura əsasən istifadəyə yararlı 900GB həcmli RAID qurmaq olar.
RAID 5-ə nisbətən daha təhlükəsiz olduğu üçün fayl və ya tətbiq serverləri kimi sistemlərdə RAID 6-ya daha çox üstünlük verilir.
RAID 10 və ya RAID 1+0
RAID 0 ilə RAID 1-in birləşməsidir və özündə RAID 0 ilə RAID 1-in üstünlüklərini cəmləşdirir. Aşağıdakı şəkildə daha aydın başa dümək olar. RAID 0 da olduğu kimi, məlumat bloklara bölünür. Hər blok ayrı diskə yazılır və bu səbəbdən oxuma-yazma sürəti yuxarıdır. Daha sonra isə RAID 1 də olduğu kimi bir diskdə olan məlumatın nüsxəsi ikinci diskə yazılır ki, bu da məlumat itkisinin qarşısını alır.

Bu RAID tipinin mənfi cəhəti isə digərlərinə nisbətən daha baha başa gəlməsidir. Çünki RAID 10 qurmaq üçün ən az 4 disk tələb olunur. Disklərdən hətta 2-si belə zədələnərsə məlumat itkisi baş vermir. İstifadə oluna biləcək həcmi hesablamaq üçün n/2 (n disklərin sayı olmaq şərti ilə) düsturundan istifadə etmək olar. Məsələn, 4 ədəd 300 GB disk ilə 600 GB-lıq RAID 10 massivi əldə edə bilərik.
Xülasə
Hər bir RAID tipinin öz üstünlükləri və çatışmazlıqları var. Bu səbəbdən RAID massivi qurulmazdan əvvəl sistemə olan tələblər müəyyən edilməlidir. Bu tələblərə əsasən də disklər alınmalı və RAID tipi seçilməlidir.
netadmin.az IT haqqında Azərbaycan dilində