Linux-da əməliyyat sistemlərində (ƏS) varsayılan olan root istifadəçisi var ki, ən geniş imkanlara sahibdir. Təhlükəsizlik mütəxəssisləri bu istifadəçi üçün ən mürəkkəb şifrə təyin etməyi tövsiyə edir. Gündəlik işlər üçün isə sudo səlahiyyətli istifadəçi yaratmaq məsləhətdir. Çünki root istifadəçinin şifrəsini ələ keçirən şəxs nəinki sistemdə, hətta sistemin nüvəsi və drayverlər səviyyəsində istədiyi dəyişkliyi edə və infrastrukturunuzu sıradan çıxara bilər.
Lakin bəzi hallarda sistemdə əməliyyatları məhz root istifadəçisi ilə etmək lazım olur. Məsələn, bu günlərdə çox geniş yayılmış konteyner sistemlərini ƏS-də root istifadəçisi ilə qurmaq tələb olunur. Belə məqamda root istifadəçisinin şifrəsini itirmək heç də xoşagələn hal deyil. Bu yazımızda belə xoşagəlməz halın həllini verəcəyik.
root şifrəsinin sıfırlanması
Nümunə olaraq CentOS 9 əməliyyat sistemini seçmişik, lakin proses demək olar bütün Linux distributivlərində eynidir.

- Öncə təəssüf ki, sistemi yenidən başlatmalı olacağıq. Sistem yüklənən zaman ilk GRUB2 yüklənmə menyusu əks olunur. Bu addımda “e” hərfini basmaq lazımdır. Bu bizə sistem yüklənməzdən əvvəl müxtəlif parametrləri dəyişməyə imkan verir.
- Növbəti pəncərədə aşağıdakı linux sətrini tapırıq və sonuna rw init=bin/bash əmrini əlavə edib “Ctrl+x” klaviş kombinasiyasını sıxırıq.
load_video
set gfxpayload=keep
insmod gzio
linux ($root)/vmlinuz-5.14.0-115.el9.x86_64 root=/dev/mapper/cs-root ro crashk\
ernel=1G-4G:192M,4G-64G:256M,64G-:512M resume=/dev/mapper/cs-swap rd.lvm.lv=cs\
/root rd.lvm.lv=cs/swap console=ttyS0,115200n8 rw init=/bin/bash
initrd ($root)/initramfs-5.14.0-115.el9.x86_64.img
Bu əmr sistemi bash (Born Again Shell) shell rejimində yükləyir. shell menyusu Unix/Linux ƏS-lərinin ürəyidir. Bu rejimdə sistem tam yüklənmir və bəzi parametrlər təyin edilmir. Bu da bizə sistemdə istədyimiz dəyişiklikləri etməyə imkan verir. Bu rejimə keçdikdən sonra aşağıdakı addımları yerinə yetiririk:
- bash-5.1#touch /.autorelabel əmrini yazıb Enter basırıq
- bash-5.1#passwd komandsı ilə root istifadəçiyə yeni şifrə təyin edirik.
- bash-5.1#exec /sbin/init əmrini yazmaqla isə dəyişiklikləri qeyd edib sistemi yenidən başladırıq.
Təbrik edirəm, root istifadəçinin şifrəsi yeniləndi.
netadmin.az IT haqqında Azərbaycan dilində